Saatlı rayonundakı 1 nömrəli orta məktəbdə "Ekologiya
ili"nə aid "dəyirmi masa" keçirilib.
Tədbiri məktəbin direktoru, respublikanın
əməkdar müəllimi Oqtay Məmmədov açaraq qeyd edib
ki, ətrafımızda gördüyümüz bütün canlı və cansız
aləm təbiətin tərkib hissəsi olduğu kimi, insan
da bu aləmin bir nümayəndəsidir. Kəsilən hər bir
ağac təbiətə vurulan bir yaradır. Bu gün dünyada
geniş yayılmış xəstəliklərin bir çoxu ətraf
mühiti çirkləndirməyin nəticəsində meydana
çıxmışdır. Bax bugünkü "dəyirmi masa"nın
keçirilməsində məqsəd də bu məsələnin
öyrənilməsidir.
Tədbirdə 7 nömrəli Ərazi Ekologiya və Təbii
Sərvətlər Şöbəsinin ekoloji təbliğat üzrə
məsləhətçisi İlham Rüstəmov çıxış edərək
bildirib ki, iqtisadi inkişafla bərabər, ölkənin
ekoloji təmizliyini saxlamaq, şəhər və
qəsəbələrimizi yaşıllığa qərq etmək Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
fəaliyyətində önəmli yer tutur. Məhz son illər
Prezidentin müvafiq sərəncamı ilə bir neçə qoruq
və milli parklar yaradılıb. Sonra o qeyd edib ki,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən layihələr təbiətin qorunması və
yaşıllıqların salınmasına böyük töhfələr verir.
Şakir CƏFƏROV |