
Artıq neçə illərdir ki, ümumtəhsil məktəblərinin ixtisaslı müəllim kadrlarına olan tələbatının ödənilməsi Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsilə həyata keçirilir. Bir çox gənclərimiz müəllim kimi peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Ucqar kənd məktəblərində dərs deyən müəllimlər çətin şəraitə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bizim növbəti qəhrəmanlarımız da belə gənclərdəndir.
“Azərbaycan müəllimi” Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində yeni pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə həmsöhbət olub.
“Müəllim kimi məktəb dəhlizində gəzmək, dərsə getmək məni çox xoşbəxt edir”
Zibeydə Bəhriyeva Xaçmaz rayonunun Müşkür kəndində yaşayır, Tarverdi Bayramov adına Müşkür kənd tam orta məktəbini bitirib. 2025-2026-cı tədris ilindən Xaçmaz rayon İsmət Rəsulov adına Əhmədoba kənd tam orta məktəbində tarix fənnini tədris etməyə başlayıb.
.jpeg)
Bildirir ki, Bakı Qızlar Universitetinin məzunudur. Məktəb vaxtlarından müəllim olmağı arzulayan Zibeydə Bəhriyeva söyləyir ki, həyatının ən maraqlı günlərini tələbəlik dövründə məktəbdə təcrübə keçərkən yaşayıb: “9-cu sinifdən müəllim olmaq istəmişəm. Bu peşəyə maraq bir az da anamdan gəlib. O, ibtidai sinif müəllimi idi. Mən hansısa məlumatı öyrətməyi, bölüşməyi çox sevirəm. Düzünü desəm, tarix fənninə aşağı siniflərdə çox marağım olmayıb. Lakin yuxarı siniflərdə tarix məllimim bu fənnə məndə böyük həvəs yaradıb. Əslində, dərindən öyrəndikcə insan həmin fənni sevir. Fikrimcə, keçmişimizi bilməsək, bu gün olan hadisələri, gələcəkdə nə etmək lazım olduğunu bilmərik. Hər etdiyimiz fəaliyyət keçmiş təcrübələrin bir göstəricisidir. Biri var edib öyrənəsiz, biri də var kimsə artıq hansısa işi görüb, nəticəsi ortadadır, siz ondan örnək alırsınız”.

Gənc müəllim qeyd edir ki, keçən il MİQ imtahanında iştirak etsə də, keçid balını yığa bilməyib. Bu il isə 55.75 bal toplayaraq müqavilə əsasında Əhmədoba kənd tam orta məktəbinə qəbul edilib: “Bütün ilboyu həyəcanla bu anı gözləmişəm ki, müəllim olub dərs keçim. Çox qəribədir - dərs keçməyə başlayanda elə hiss edirəm ki, sanki illərdir burada işləyirəm. Müəllim kimi məktəb dəhlizində gəzmək, müəllimlər otağında olmaq, dərsə getmək – bütün bunlar məni çox xoşbəxt edir”.
İş fəaliyyətinə başladığı məktəb haqqında məlumat verən müəllim cüzi də olsa çətinliklərlə qarşılaşdığını deyir: “Zirvəyə gedən yol çətinliklərdən keçir. Məktəbin kollektivi çox əladır. Hər bir üzvü mehriban, səmimi, doğmadır. Çətinlik olaraq qeyd edim ki, məktəbdə texniki təchizat daha yaxşı ola bilərdi. Şagirdlərə videolarla slaydlar göstərmək istərdim, təəssüf ki, tam şərait yoxdur. Kənd məktəbidir, ümid edirəm ki, tezliklə belə imkan yaranar”.
Z.Bəhriyevanın sözlərinə görə, məktəb yaşadığı kəndə yaxındır, maşınla 12 dəqiqəlik yol ona heç bir çətinlik yaratmır. “Hələ 2 həftədir ki, dərslərə başlamışam, tam adaptasiya olmamışam. Təcrübədə etdiyim müxtəlif üsullar var ki, onları şagirdlərimlə bölüşmək istəyirəm. Məncə, şagird müəllimi sevdikdə fənni daha yaxşı öyrənə bilir. Artıq şagirdlərimlə az da olsa, emosional bağ yaratdığımı düşünürəm”.
Həmsöhbətim hesab edir ki, müəllim inkişaf etmək üçün birinci fənnini sevməlidir. Bu şərt onu daha çox inkişafa, kitaba bağlı qalmağa, yaradıcı düşünməyə sövq edir. “Şagirdlərin dərsə marağı məni tam qane etmədi. Sinifdə daha çox qızlar oxumağa maraq göstərir. Bu, əlbəttə, sevindirici haldır. Oğlan şagirdlərdə də dərsimə maraq yaradacağıma inanıram”, – deyir gənc müəllim.
Gələcək arzularının çox olduğunu dilə gətirən Zibeydə müəllim tarixi-bioqrafik mövzuda kitab yazmaq istədiyini dilə gətirir: “İkinci Dünya müharibəsində iştirak edən qadın qəhrəmanlar haqqında yazmağı planlaşdırıram. Bu mövzunun əhatə dairəsi genişlənə bilər. Məsələn, Azərbaycandan olan qəhrəman qadınlardan, alimlərdən, həkimlərdən yazmaq istərdim. Həmçinin gələcəkdə məktəb direktoru olmağı arzulayıram. İdarəçiliyi çox sevirəm, özümü bu işdə də görmək istərdim. Rəsm çəkməyə, musiqi alətində ifa etməyi öyrənməyə böyük maraq göstərirəm”.
“İlk hədəfim savadlı və sevilən müəllim olmaqdır”
Aytən Əlizadə Füzuli rayonunda böyüyüb və orta məktəbi həmin rayonda bitirib. 2017-2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə təhsil alıb. “Fəal və daim hazırlıqlı tələbə olmuşam. Hər zaman hər şeylə maraqlanan birisi olduğum üçün müəllimlik sənətini seçmişəm. Bu sənət inkişaf, yaradıcılıq tələb etdiyindən diqqətimi çox çəkdi. İngilis dilinə olan marağım, sevgim həmin dil üzrə müəllim olmağıma səbəb oldu”, - deyə gənc bildirir.
A.Əlizadə ailə qurduqdan sonra Sumqayıt şəhərinə köçüb və hazırda orada yaşayır. Bu il keçirilən MİQ imtahanında iştirak edərək 72.75 bal toplayıb və Xaçmaz rayon Sayad kənd tam orta məktəbində ingilis dili müəllimi olaraq fəaliyyətə başlayıb: “Müəllimlərin imtahana cəlb olunmasını müsbət qarşılayıram. Müəllimlik sənəti çox yaradıcıdır”.
İşlədiyi məktəb yaşadığı şəhərdən uzaqda yerləşdiyi üçün gənc müəllim səhər saat 7-yə işləmiş Sumqayıtdan Xaçmaza yola düşür, bununla belə, çətinlik çəkmədiyini dilə gətirir: “Həftədə üç dəfə Xaçmaza dərs keçmək üçün gedirəm. 5, 6 və 9-cu siniflərdə dərs deyirəm. Öz fənnimi şagirdlərə sevərək, əyləncəli şəkildə tədris edəcəm, dərsi şəkillər, dinləmələr və videomateriallar əsasında quracağam. İşlədiyim məktəb və kollektivi çox yaxşıdır. Mən müəllimin inkişafını daim öz üzərində işləməyində və yenilikçi olmağında görürəm. Şagirdlərimin dərsə marağını yüksək qiymətləndirirəm”.
Gələcək planları haqqında məlumat verən müəllim vurğulayır: “İlk hədəfim savadlı və sevilən müəllim olmaqdır. Bir də onu əlavə etmək istərdim: müəllim elə etməlidir ki, şagirdlərin məktəbə gəlmək və öyrənmək arzusunu böyütsün”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər