
Azərbaycanda elmi mühitin inkişafına, gənc tədqiqatçıların özünüifadəsinə və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verən ənənəvi elmi platformalardan biri də doktorant və gənc alimlərin iştirakı ilə keçirilən NASCO – Respublika Elmi Konfransıdır. Artıq 28-ci dəfə təşkil olunacaq bu nüfuzlu tədbir 16–17 dekabr 2025-ci il tarixlərində baş tutacaq. Builki konfrans ölkə həyatında xüsusi əhəmiyyət daşıyan “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili siyasəti şöbəsinin baş məsləhətçisi Afət Sadıqova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, konfrans hər il ənənəvi olaraq müxtəlif ali təhsil müəssisələrinin bazasında Nazirliyin təşkilatçılığı ilə reallaşır.

Onun sözlərinə görə, tədbirin məqsədi gənc tədqiqatçıların elmi fəaliyyət nəticələrini müzakirəyə çıxarmaq, onların təşəbbüskarlığını və yaradıcılıq bacarıqlarını stimullaşdırmaqdır:
“Gənclər burada yalnız öz elmi nailiyyətlərini təqdim etmir, həm də digər tədqiqatçıların işləri ilə tanış olur, fikir mübadiləsi apararaq yeni elmi əməkdaşlıqlar üçün zəmin yaradır. Konfransa həm ölkə daxilində, həm də xaricdə fəlsəfə doktoru proqramında təhsil alan doktorant və dissertantlar, eləcə də müdafiə ərəfəsində olan gənc tədqiqatçılar müraciət edə bilərlər”.
Afət Sadıqova qeyd edib ki, təqdim olunan tezislər yalnız yeni elmi işlərdən ibarət olmalı, plagiatdan keçirilməsinə dair arayış əlavə edilməlidir. Seçim prosesində yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək. Bu il ilk dəfə olaraq fərqlənən məqalələrin “Scopus” və “Web of Science” bazalarında indekslənən beynəlxalq jurnallarda dərcinə imkan yaradılacaq.
Nazirliyin nümayəndəsi əlavə edib ki, yalnız panel iclaslarda məruzə edən iştirakçılara sertifikat təqdim olunur və onların tezisləri “Konfrans materialları” toplusunda dərc edilir.
Bu il konfransa ADNSU ev sahibliyi edəcək
Builki tədbirə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ev sahibliyi edəcək. Universitetin tədris işləri üzrə prorektoru Rza Məmmədov vurğulayıb ki, NASCO artıq özünəməxsus ənənə və nüfuza malik elmi forum kimi formalaşıb:

“Hər il bu platformanı təkmilləşdirməyə çalışırıq. Bu il ilk dəfə olaraq yalnız çıxışçılar deyil, dinləyicilər də qeydiyyatdan keçə biləcəklər. Bu, konfransı daha geniş auditoriyaya açır və elmi müzakirələrə daha çox gənci cəlb etməyə xidmət edir. Bundan başqa, müraciət zamanı elmi istiqamətin ayrıca göstərilməsi sessiyaların təşkilini xeyli asanlaşdıracaq”.
Prorektor həmçinin konfransın tanıtımının daha geniş miqyasda aparıldığını, sosial şəbəkələrdə ayrıca səhifələr yaradıldığını qeyd edib. Onun sözlərinə görə, builki yeniliklərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) konfransa inteqrasiyasıdır: “Məqalə müəlliflərindən araşdırmalarının hansı DİM-lərlə səsləşdiyini göstərmələri tələb olunur. Bu yanaşma mövzuların qlobal çağırışlarla uzlaşmasını nümayiş etdirir”.
Rza Məmmədov əlavə edib ki, builki konfransa təqdim edilən məqalələrin 40 faizi ingilis dilindədir ki, bu da tədbirin artıq beynəlxalq platformaya çevrildiyini göstərir. Ən çox müraciət edilən sahə iqtisadiyyat olsa da, təbiət, texnika, İKT, mühəndislik və sosial-humanitar elmlər üzrə də çoxsaylı məruzələr qəbul edilib.
Onun sözlərinə görə, plagiat göstəricisi 25%-dən çox olan məqalələr qəbul edilməyəcək.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə builki konfransın panel sessiyalarından biri akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər