
2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələri əsasında 298 nəfər orta-ixtisas təhsilli tələbə peşə təhsili almağa başlayıb. Babək Hüseynzadə onlardan sadəcə biridir.
Komandir oğlu hərbçi olmağa qərar verib
O, Bərdənin Alpout kəndindəndir. Kənddəki Nazim Hüseynov adına tam orta məktəbin məzunudur. Sonra orta ixtisas təhsili alıb. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Hərbi xidmət yaşı çatanda təhsilini dondurub və əsgərliyə gedib. Qayıdandan sonra Nəqliyyat vasitələrinin texniki istismarı fakültəsində təhsilinə qaldığı yerdən davam edib.
2014-cü ildə məzun olandan sonra hərbi sahəyə geri qayıtmaq istəyib. Təhsilini bitirən kimi, yəni 2015-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlayıb. 2016-cı ildə xüsusi təyinatlıların giziri kimi xidmət keçib. Bəlkə o da atası kimi komandir olacaqdı. Amma 2019-cu ildə ailə qurduğu üçün hərbi xidmətdən ayrılmaq qərarına gəlib və ehtiyata buraxılıb: “Ailə vəziyyətimlə əlaqədar hərbi sahədən uzaqlaşmalı oldum və özüm qaynaq etməyi öyrəndim. Qonşudan aldığım qaynaq aparatı ilə öz həyətimdə işlərimi görürdüm”.
Beləliklə, öz həyətində başladığı qaynaqçılıqla yavaş-yavaş əhatə dairəsini genişlənirərək ətrafındakı insanların da sifarişlərini yerinə yetirib. Gün o gün olub ki, əlindən hər iş gələn bir adama çevrilib: “34 yaşım var və artıq hər işi bacarıram. Bir evi götürüb bünövrəsindən damına qədər tam hazır edib təhsil verirəm”.

Niyə qaynaqçı?
Hər işi bacaran tələbə bəs niyə qaynaqçılığa üstünlük verib? Əlindən hər iş gəlsə də, artıq gündə bir iş görmək istəmir: “Daimi iş yerimin olmasını istəyirəm. Hər işi bacardığım üçün hər işə baxıram. Qaynaqçılara yüksək maaş təklif olunur. Amma gedirəm, sənəd tələb edirlər. Mən də ona görə peşə təhsili müəssisəsində oxumaq qərarına gəldim. Nəyi pisdir ki, həm də əlavə nələrsə öyrənərəm dedim”.
Babək hazırda Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, Babək şəhid övladıdır. Onun atası Bərdə batalyonunun komandiri olub. Baş leytenant Mehman Əliyev 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər