Bütün xəbərlər
3 oktyabr, 11:45

Müasir informasiya cəmiyyətində idarəçilik sisteminin durmadan təkmilləşdirilməsi fövqəladə aktuallıq kəsb edən çox mühüm məsələlərdən biridir. Məhz idarəçilik sisteminin düzgün təşkili bu sahədə fəaliyyətin keyfiyyətli təmin edilməsində həlledici faktor hesab olunur. Bu səbəbdən təşkilat və müəssisə rəhbərləri idarəçilik sisteminin daim qabaqcıl idarəçilik texnologiyaları ilə təmin və təchiz edilməsini menecmentin prioritet məsələsi hesab edir və bu sahəyə xüsusi diqqət ayırırlar. 

Bu gün dövlət müəssisələrində və özəl sektorda idarəçilik sisteminin təkmilləşdirilməsi ilə əlaqədar tətbiq edilən mühüm innovasiyalardan biri də inklüziv idarəçilikdir (ing. Inclusive management). İnklüziv idarəçilik dövlət müəssisələrində və özəl sektorda çalışan menecerlərin təcrübəsində istifadə olunan yeni idarəçilik modelidir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, ictimai maraq doğuran problemlərin həllində menecerlərlə yanaşı müstəqil ekspertlər, siyasətçilər və ictimaiyyət nümayəndələri də iştirak edir, bu və ya digər mühüm məsələlərlə bağlı müştərək qərarlar qəbul olunur. Hazırda dünya ölkələrində inklüziv idarəçilik praktikasının aşağıdakı nümunələri mövcuddur:

1. İdarəçilk prosesi üzərində nəzarətin desentralizasiyası yolu ilə idarəçiliyə nəzarət və bu prosesdə iştirak arasında balansın yaradılması axtarışları.
2. İnklüziv idarəçiliyə qoşulmanın və iştirakın optimallaşdırılmasını nəzərdə tutan addım kimi idarəçilik prosesi üzərində təhlillər aparılması və maraqlı tərəflərin müəyyən edilməsi.
3. İdarəçilikdə siyasi, texniki və empirik (təcrübi) sahələrin inteqrasiyası üçün informasiya və relyasiya (lat. relativus - nisbi, nisbi əlaqəli, - hər hansı predmetlər və ya obyektlər arasında əlaqə və münasibətlər) işlərinin aparılması. 
4. İnklüziv idarəçiliyin praktiki nəticələrinin başqaları (idarəçilikdə marağı olan tərəflər) üçün əlçatanlığını və onların idarəçilik sistemində iştirakını təmin etmək üçün vətəndaş iştirakının təmin olunması.
5. İctimaiyyətin idarəçilik sisteminə təsirini adekvat şəkildə təmin etmək məqsədilə müvafiq platformanın yaradılması [1].

Alimlər müəyyən ediblər  ki, idarəçiliyin inklüziv metodları və liderlik idarəçilik siyasətinin keyfiyyətini artırmaq və davamlılığını təmin etmək üçün maksimum imkanlar yaradır. Bu proses, bir qayda olaraq, aşağıda qeyd edilən elementlər hesabına həyata keçirilir:

- idarəçilik siyasətinin yüksək səviyyədə həyata keçirilməsinə can atan tərəflərin maraqlarının artırılması;
- ictimai problemlərin daha yaxşı dərk edilməsi üçün şəraitin yaradılması, problemlərin həllinə insanların daha yaxşı cəlbi üçün yeni imkanların yaradılması.
- idarəçilik sistemində iştirak etmək üçün yeni iştirakçıların və resursların tapılması və onların ictimai problemləri həll etmələri üçün hazırlanması;
- insanlarla problem arasında əlaqələrin yaradılması yolu ilə yeni liderliyin formalaşdırılması, ideyaların dəstəklənməsi və onların praktikada tətbiqi üçün platformanın hazırlanması;
- qərarların qəbul edilməsi prosesi ilə əlaqədar proqramların və siyasətlərin reallaşdırılması və qarşılıqlı əlaqəsi üçün potensialın davamlı gücləndirilməsi;
- inklüziv proseslərin vasitəsilə ictimai problemlərin həlli üçün birlikdə (kollektiv) adaptasiya dəyişikliklərinin baş verməsinə təsir göstərmək.

Yuxarıda qeyd edilənlərdən belə məlum olur ki, inklüziv idarəçilik modelində menecerlər, bir qayda olaraq, əsas diqqəti ictimaiyyətin potensialının gücləndirilməsinə yönəldirlər. Bu potensialın yaradılmasının əsas metodlarından biri menecerlər arasında əlaqələrin strukturlaşdırılması və davamlı olaraq dəstəklənməsidir. Bu zaman menecerlər münasibətlərin çoxsaylı strukturları üzərində işləyir və onların nəticələrindən qərarların qəbul edilməsində, idarəçilik siyasətinin təmin olunmasında və ictimai prioritetlərin müəyyənləşdirilməsində istifadə edirlər. Bu münasibətlər dövlət siyasətinin həyata keçirilməsində əlverişli imkanlar yaradır, ona müvafiq forma verilməsini təmin edir, imkanları və məhdudiyyətləri aşkara çıxarır.

İnklüziv idarəçilik sistemi həm dövlətin idarə olunmasında, həm də iqtisadi strukturların təşkil edilməsində və idarə  olunmasında yeni formadır. Bu forma özündə partisipativ (lat. participatio -  iştirak, ing. participation - iştirak) demokratiyanı ehtiva edir. Partisipativ demokratiya insanların bu və ya digər sahədə, o cümlədən idarəçilik sistemində iştirakının mədəni səviyyəsini müəyyən edir. İnklüziv idarəçilikdə partisipativ prosedu tərəflər arasında məhkəməsiz, lakin vəkillərin iştirakı ilə həyata keçirilən və mövcud mübahisənin mütləq şəkildə həllini nəzərdə tutan danışıqlar prosesidir. Onun əsas məqsədi bütün tərəflərin məqbul saydığı qərarın qəbul edilməsinə və qəbul edilən qərarın tərəflərin könüllü razılığı ilə reallaşdırılmasına nail olmaqdır [5]. 

Beləliklə, inklüziv idarəçilikdə partisipativ demokratiya sübut edir ki, dövlət resurslarının sahibi cəmiyyətdir. Yalnız cəmiyyət ətraf mühitdə meydana çıxan problemlər və tələbatlar haqqında daha mükəmməl informasiyaya malikdir. İnklüziv idarəçilikdə partisipativ demokratiyanın əsas elementi vətəndaşlarla hakimiyyət arasında ünsiyyətdir. 

İnklüziv idarəçiliyin məzmununda daha bir vacib məqam məşvərətçi demokratiya ilə bağlıdır. Məşvərətçi demokratiyanın əsas elementi isə ondan ondan ibarətdir ki, inklüziv idarəçilikdə iştirak edən tərəflər qərarları məşvərətçi proseslərin köməyi ilə qəbul edirlər. Bu prosesləri idarə edən əsas ideya isə idarəçilikdə kommunikativ rasionallığın məşvərətin nəticəsi kimi ortaya çıxmasındadır. Bu zaman ictimai dəyərlərin və ya ictimai rifahın resursları reallaşır. Beləliklə, idarəçiliyin inklüziv metodu idarəçilik sistemində ictimai (vətəndaş) iştirakın həyata keçirilməsi deməkdir və bu zaman idarəçiliyin subyektləri sözügedən prosesdə iki formada təmsil olunur:

1. Qoşulmaq. 2. İştirak.

Hazırda inklüziv idarəçilik sistemində generativ süni intellektdən (GSİ - süni intellektin özəl tipidir və vəzifələrin icrası zamanı böyük dil modellərindən istifadə edir) istifadə olunur. Bu sahədə yüksək nəticələr əldə etmək üçün dövlət səviyyəsində xüsusi proqramlar hazırlanır. Məsələn, Aİ-nin qəbul etdiyi “Süni intellekt haqqında qanun”, yaxud “Süni intellekt haqqında Reqlamenti” (Avropa İttifaqının 2024-cü il 13 mart tarixində qəbul etdiyi normativ akt, 21 may 2024-cü il tarixində Aİ-nin Şurası tərəfindən təsdiq edilmişdir), ABŞ Konqresi tərəfindən 2023-cü il tarixində qəbul edilmiş alqoritmik məsuliyyət haqqında Qanun (ing. Algorithmic Accountability Act of 2023) və s. Şəffaflığı və ədaləti təmin edən bu qanunlar süni intellektin inklüziv idarəçilik sistemində də iştirakını təmin etməyə imkan verir. Generativ süni intellektin inklüziv idarəçilik sistemində iştirakı aşağıda qeyd edilmiş vacib məqamları və yüksək nəticələri nəzərdə tutur:

1. İnklüziv idarəçilik sistemində şəffaflığın və aydınlığın təmin edilməsi. Şəffaflıq və aydınlıq iştirakçılar arasında etibarı və inamı artırır, onlara qərarların necə və nə üçün qəbul olunmasını dərk etməkdə yardımçı olur.
2. Ədalətin və qərəzsizliyin təmin edilməsi.
3. Verilənlərin konfidensiallığına və təhlükəsizliyinə təminatın prioritet təşkil etməsi.
4. İnklüziv idarəçilik sistemində məsuliyyətin artırılması. Bu məqam həm də ictimaiyyət üçün əks-əlaqə kanallarının yaradılmasını nəzərdə tutur.

İnklüziv idarəçilik sistemində generativ süni intellektdən istifadənin nəticələrini təhlil edərkən aşağıdakı məqamları xüsusi qeyd etmək lazımdır:

- generativ süni intellekt idarəçilik sistemini, onun ayrı-ayrı manqalarını və sektorlarını əsaslı şəkildə dəyişdirir, onlara nəzarəti əlçatan, vətəndaşların idarəçilik prosesinə aktiv şəkildə cəlb edilməsini təmin edir və inklüziv qərarların qəbul edilməsinə şərait yaradır;
- inklüziv idarəçilik sistemi personallaşdırılmış dəstək qazanır, dil baryerlərini aşmağı bacarır, məhdud fiziki imkanları olan şəxslərin dövlət qulluğunda iştirakını asanlaşdırır,  daha effektli və ədalətli edir;
- inklüziv idarəçilik sistemində generativ süni intellektin tətbiqi şəffaflıqla, təhlükəsizliklə və ədalətlə bağlı problemləri dəf etməkdə yardımçı olur.

Hazırda inklüziv idarəçilik mexanizmləri startaplarda (ing. start up - “işə salmaq” - əməliyyat fəaliyyəti və bazarın təhlilinin qısa tarixçəsi olan kampaniya) geniş tətbiq olunur. Startaplar iqtisadi fəaliyyətlə bağlı hadisələri inklüziv idarəçilik prinsiplərinə uyğun şəkildə reallaşdırmağı üstün tutur. Bununla əlaqədar inklüziv idarəçilik üsulları ilə bağlı bir sıra məsləhətlər və təkliflər hazırlanmışdır:

- tələbatların qiymətləndirilməsinin həyata keçirilməsi: hər hansı tədbirin təşkil edilməsindən əvvəl potensial iştirakçıların profilini başa düşmək lazımdır. Bunu isə sorğu, müsabiqə rəy və yaxud  təkliflərin toplanmasını təmin edən fokus-qrupların (ing. fokus group - sosiologiyada keyfiyyətin müəyyən edilməsi metodu, qrupun köməyi ilə müəyyən olunan vəzifələrin müzakirə edilməsi zamanı tədqiqatların təşkilini nəzərdə tutur) köməyi ilə etmək mümkündür. Tələbatların qiymətləndirilməsi əlçatanlıq, kommunikasiya, məzmun, format və logistika kimi tədbirləri əhatə edir;
- inklüziv idarəçilik yerinin seçilməsi: tədbirlərin keçirildiyi yerin seçilməsi və mövqeyi onun əlçatan və komfortlu olmasına həlledici təsir göstərir. Bununla əlaqədar startaplar tədbir keçirərkən bütün mənalarda uyğun yer seçirlər;
- rəngarəng və aktual kontentin təqdim edilməsi: təşkil edilən tədbirin məzmunu iştirakçıların müxtəlifliyini və onların maraqlarını əks etdirməlidir;
- bir neçə mümkün əlaqə kanallarından istifadə edilməsi: ünsiyyət uğurlu inklüziv tədbirlərin təmin edilməsində açar rolu oynamalıdır;
- təhlükəsiz və əlverişli atmosferin yaradılması: tədbirdə mövcud olan atmosfer bilavasitə iştirakçıların əhvali-ruhiyyəsinə və davranışlarına təsir göstərir.

Bu gün tədbirlərin inklüziv idarə edilməsi startapların strateji üstünlüyü kimi qiymətləndirilir. İştirakçıların tələbatlarına, zövqlərinə və maraqlarına uyğun tədbirləri təşkil edərkən startaplar çox sayda üstünlüklər də əldə edir. Bu vəziyyət onların inkişafına pozitiv təsir göstərir, nüfuzunun və təsir mexanizmlərinin güclənməsinə şərait yaradır. Aşağıda həmin üstünlüklərin kiçik bir qismi təqdim edilmişdir:

- müştərilərin loyallığının və razılığının artırılması - inklüziv tədbir iştirakçılarda yadda qalan müsbət təəssüratlar yaradır. Onlar adekvat şəkildə qiymətləndirildiklərini hiss edir və onlara hörmət olunması və maraqlarının nəzərə alınması haqqında mesajlar və siqnallar alırlar. Bu isə son nəticədə startaplarla onun müştəriləri arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edir;
- brendin tanınan olmasının təmin edilməsi, onun imicinin davamlı olaraq artırılması - yüksək səviyyədə təşkil edilmiş inklüziv tədbir startapın müxtəliflik, ədalət və inklüzivlik prinsiplərinə tam şəkildə əməl olunmasını nümayiş etdirir. Bu, potensial müştərilərdə, investorlarda, partnyorlarda və kütləvi informasiya vasitələrində adekvat təəssüratlar yaradır. Nəticədə potensial müştəri startapın öz sosial məsuliyyətinin və təsirinin qayğısına qaldığını görür, onun öz rəqiblərindən fövqəladə üstünlüyünü müşahidə edir və ona münasibətini dəqiqləşdirir;
- innovasiyaların və yaradıcılıq aktlarının daha da gücləndirilməsi - inklüziv tədbir ideyaların mübadiləsini, iştirakçıların nəzər nöqtəsini və rəylərini stimullaşdıra bilir. Bu isə öz növbəsində hər bir startap üçün daha aktiv fəaliyyət imkanları yaradır.

İnklüziv idarəçiliyin üstünlüklərindən və nailiyyətlərindən danışarkən onun həyata keçirilməsi ilə bağlı maneələri və çətinlikləri də göstərmək lazımdır. Aşağıda bu sahədə yaranan problemlərin bir qismi təqdim edilmişdir:

1. Məlumatlılığın kifayət səviyyədə olmaması və sözügedən sahədə təhsilin aşağı olması.
2. Resursların və büdcənin zəif olması.
3. Müxtəlifliyin və nümayəndəliyin çatışmaması.

Yuxarıda qeyd edildiyi kimi, inklüziv idarəçilikdə inklüziv tədbirlərin görülməsinin təşkilatın,  yaxud müəssisənin uğurlu inkişafına həlledici təsiri var. İnklüziv tədbirlərin görülməsi zamanı bir sıra açar məqamların nəzərə alınması və addımların atılması çox vacibdir. Belə addımların ən vacib olanları aşağıda qeyd edilmişdir:

- inklüziv tədbirin məqsədlərinin müəyyən edilməsi, onun təşkil ediləcəyi auditoriyanın təyin edilməsi;
- inklüziv formatın seçilməsi və tədbirin adekvat platformasının yaradılması;
- tədbirin rəngarəng və inklüziv proqramının yaradılması, spikerlərin təyin edilməsi;
- tədbirin hərtərəfli dəstəklənməsi və genişləndirilməsi;
- tədbirin nəticələrinin və əks-əlaqənin səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi [4].

Yuxarıda irəli sürülən ayrı-ayrı müddəalardan məlum olur ki, müasir cəmiyyətdə müxtəliflik və personalın inklüziv idarə edilməsi konsepsiyası müəssisənin və ya təşkilatın uğurlu inkişafının və dayanıqlı rəqabətinin etibarlı şəkildə təmin olunmasında ən başlıca amil hesab olunur. Qeyd edək ki, müxtəliflik işçi mühitdə müxtəlif aspektləri əhatə edir: gender, etnik, yaş, mədəni və s. Personalın inklüziv idarə olunması, öz növbəsində elə bir mühitin yaradılmasını nəzərdə tutur ki, orada hər bir əməkdaş, unikal əlamətlərindən asılı olmayaraq, professional inkişafla əlaqədar bərabər imkanlara malik olur. 

Personalın inklüziv idarəçiliyi işçi qüvvəsinin mozaikasını zənginləşdirməklə yanaşı təşkilatın daxilində kreativliyini və innovasiyaların güclənməsinə də həlledici təsir göstərir. Elmi tədqiqatlar və praktika sübut edir ki, işçi komandalarda müxtəlifliyin olması müəssisəyə və onun bölmələrinə üstünlük verir.

Aşağıda həmin üstünlüklərin bir qismi təqdim edilmişdir:

- innovasiyalar və kreativlik - idarəçilikdə fikirlərin və təcrübələrin müxtəlifliyi problemlərin həllinin yeni üsullarının və yeni ideyaların yaranmasına gətirib çıxarır;
- ən yaxşı qərarın qəbul edilməsi - müxtəlif nəzər nöqtəli komandalar daha düşünülmüş və məlumatlarla təmin edilmiş qərarlar qəbul edə bilir;
- yüksək səviyyəli adaptivlik - müxtəliflik ətraf mühitdə baş verən hadisə və proseslərə daha çevik reaksiya verir;
- yüksək səviyyəli məhsuldarlıq - idarəçilik prosesində komandanın bütün üzvlərinin bərabər iştirakı əməkdaşların daha motivasiyalı olmasına şərait yaradır.
Personalın inklüziv idarə edilməsi idarəçiliyin fəlsəfəsi və praktikası kimi qarşısına elə bir işçi mühitin yaradılması vəzifəsini qoyur ki, orada hər bir əməkdaş özünü komandanın mühüm elementi kimi hiss edir. Bu sistemdə ən mühüm element isə liderin rolu hesab olunur. İnklüziv mühitin təşkil edilməsində lider həm tənzimləyici, həm qoruyucu, həm də inteqrativ rol oynayır [3]. 

İnklüziv idarəçiliyin yüksək səviyyədə təşkili üçün aşağıda qeyd olunmuş prosedurları həyata keçirmək tələb olunur: 
- rəhbərin və menecerlərin inklüziv idarəçilik prinsiplərinə vərdiş etmələrini təmin etmək; 
- inklüziv praktikada böyük təcrübəsi olan müəssisə və təşkilatların idarəçilik strategiyasından istifadə etmək;
- əməkdaşların inklüziv idarəçilik sahəsində kompetensiyalarını artırmaq məqsədilə müvafiq kurslar və təlimlər təşkil etmək.

Deyilənləri ümumiləşdirərək belə bir vacib nəticəyə gəlmək olar ki, personalın inklüziv idarə olunması müəssisə və təşkilatların müasir idarəçilik sistemlərində əsas komponent kimi çıxış edir. Bərabərhüquqlu və yüksək məhsuldarlığı təmin etməyə qadir olan ideal komandanın yaradılması isə korporativ mədəniyyətin möhkəmləndirilməsinə, innovasiyaların inkişafına və məhsuldarlığın daim artırılmasına xidmət edən strateji vəzifə kimi çıxış edir.  

Sevinc Həsənova,
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil sektorunun müdiri

İstifadə edilmiş ədəbiyyat

1. Feldman, M.S. and K.S. Quick. 2009. Generating resources and energizing frameworks through inclusive public management. International Public Management Journal 12 (2): 137-138 2. Feldman, M.S., A.M. Khademian, H. Ingram, and A.S. Schneider. 2006. Ways of knowing and inclusive management practices. Public Administration Review 66 (s1): 89-90
5. Медяник, А.В., Галяпа, И.М. К вопросу о месте инклюзивного лидерства в управлении персоналом предприятия гостеприимства / А.В. Медяник, И.М. Галяпа.  Текст: непосредственный //Экономика устойчивого развития региона: инновации, финансовые аспекты, технологические драйверы развития в сфере туризма и гостеприимства: материалы Х Международной научно-практической конференции.  Симферополь. - 2023. Часть 1.  С. 250-253
4. Митрофанова, А.Е., Митрофанова, Е.А. Инклюзивная занятость как современный тренд управления персоналом/А.Е. Митрофанова, Е.А. Митрофанова.  Текст: непосредственный  // XVI Кадровый форум Черноземья: сб. статей (двенадцатое международное заседание).  Воронеж.  2023.  С. 33-37
3. Осминкин Роман Сергеевич. Коллективные перформансы: от партиципации к 
   производству социальной жизни. Санкт-Петербург, «Манускрип».  2016.  С. 121-122

Şərhlər

Xəbər lenti

3 oktyabr, 13:23

BMU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

3 oktyabr, 13:15

Nobel laureatları hansı ailələrdən çıxır? Valideynləri düşündürəcək 5 həyat hekayəsi

3 oktyabr, 13:06

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:04

ADNSU-da yeni qaydalar təsdiqlənib

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:31

LDU-da Elmi Şurada tədrisin gedişi müzakirə olunub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

3 oktyabr, 10:06

“NASCO artıq beynəlxalq platformaya çevrilir” – ADNSU-nun prorektoru

3 oktyabr, 10:00

Afət Sadıqova: NASCO-ya seçim prosesində yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək

3 oktyabr, 09:56

Nazir “Quacquarelli Symonds” qlobal reytinq agentliyinin regional direktoru ilə görüşüb

3 oktyabr, 09:54

Samuxda yeni kənd məktəbinin binası istifadəyə verilib

3 oktyabr, 09:54

NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?

3 oktyabr, 09:42

ADNSU tələbələri “WaterTech Bootcamp 2025”də I yeri tutublar

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.