
Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) “Ana dili – Azərbaycan məktəbi” layihəsi artıq 3-cü tədris ilinə hazırlaşır. Layihəyə növbəti qeydiyyat başlayıb.
“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmək imkanı yaradır. İştirakçılar yaşlarına, dil bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq yaradılan qruplarda dərslərə qoşulurlar.

Layihənin koordinatoru, AGMA-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Fidan Quluzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir:
“Azərbaycan dili ilə yanaşı, tariximiz, mədəniyyətimiz və coğrafiyamız tədris olunur. İndiyədək Türkiyə, Çin, Gürcüstan, Cənubi Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, ABŞ və Avstraliyadan olan soydaşlarımız həvəslə qoşulublar. 6-18 yaşlı uşaqlar üçün xüsusi qruplar yaradılır, hətta bəzi hallarda valideynlər də dərslərə qatılırlar. Maraq o qədər böyükdür ki, əlavə qruplar açmaq zərurəti yaranır”.
Artıq 2 ildən çoxdur ki, “Microsoft Teams” platformasında davam edən layihəyə qoşulmaq üçün indiyədək 1000-dən çox azərbaycanlı qeydiyyatdan keçib. İştirakçılar 6-8, 9-10, 11-13 və 18 yaşdan yuxarı olmaqla fərqli qruplara bölünürlər.

“Ana dili – Azərbaycan məktəbi” layihəsinin eksperti, Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Səbinə Əliyeva qeyd edir ki, xaricdə yaşayan həmvətənlərimizə ana dilini tədris etmək təkcə dili öyrətmək deyil, birbaşa olaraq Azərbaycan mədəniyyətini, incəsənətini, adət-ənənəsini, ədəbiyyatını, Azərbaycan təfəkkürünü, azərbaycançılıq ideyasını onlara aşılamaqdır. Çünki dərslərdə istifadə edilən materiallar birbaşa ölkəmizlə bağlı materiallardır:
“İstəyimiz budur ki, həmin uşaqlara Azərbaycan haqqında dolğun məlumat ötürək. Bu layihənin digər bir üstünlüyü odur ki, dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlı uşaqlarımızın arasında əlaqə, dostluq münasibətləri yaranır. Xaricdə yaşayanlar üçün ana dili sadəcə ünsiyyət vasitəsi deyil, birləşdirici gücdür.
Bu, ana dili məktəbidir, amma dil ilə yanaşı, burada kompleks şəkildə uşaqlarımızı yetişdirməyə çalışırıq, onlara tariximiz, ədəbiyyatımız haqqında məlumatlar da veririk”.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli də layihənin ilk günlərindən böyüklərə dərs deyir:
“Layihə həmvətənlərimizin Azərbaycan dilini bilmə bacarıqlarının artırılması baxımından çox əhəmiyyətlidir. Biz dünyadakı gənclərə, uşaqlara əlifbadan başlayaraq yüksək səviyyələrə qədər dilimizi öyrədirik”.
Layihənin digər müəllimi Ləman Məmmədova isə qürur hissi ilə danışır:
“Qruplarda fərqli ölkələrdən olan uşaqlar bir araya gəlir. Onlar əvvəlcə bir-birilə ünsiyyət qura bilmirdilər, amma layihənin sonuna yaxın Azərbaycan dilində danışmağa başlayanda böyük sevinc yaşadıq. Dilin qorunmasına xidmət etmək, onun daşıyıcısı olmaq hər bir müəllim üçün qürurvericidir”.
.jpeg)
Dərslərə Almaniyadan qoşulan Sara və Mayanın atası Yusif Hüseynli isə şəxsi təcrübəsini bölüşür:
“2005-ci ildə təhsil almaq üçün Almaniyaya gəldim, sonradan orada yaşamağa başladım. Qızlarıma əvvəlcə Azərbaycan dilini evdə öyrətməyə çalışırdım, amma dərsliklərin azlığı və təcrübəsizliyim işimi çətinləşdirirdi. Layihə bizim üçün çıxış yolu oldu. Bu, xaricdə yaşayan ailələrə böyük köməkdir, uşaqların ana dilini unutmaması üçün belə təşəbbüslər həyati əhəmiyyət daşıyır”.
Qeyd edək ki, layihəyə qoşulmaq istəyənlər dil yoxlamasından keçir və nəticələrinə uyğun olaraq qruplara yerləşdirilirlər. Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunur.
Qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://shorturl.at/VYsNn
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər