Bütün xəbərlər
1 sentyabr, 15:33

Dünyanın ayrı-ayrı ölkələrində nüfuzlu universitetlərdə çalışan azərbaycanlı alimlərin elm, təhsil sahəsində uğurlarını eşitmək son dövrlərdə xoş ənənəyə çevrilməkdədir.  Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Kanzas Dövlət Universitenin Biznesin İdarə Edilməsi Kollecində inzibati və maliyyə işləri üzrə dekan müavini vəzifəsinə təyin olunan professor Səbuhi Sərdarlı xaricdə çalışan istedadlı alim-tədqiqatçılarımızdandır. 

“Azərbaycan müəllimi”nə verdiyi müsahibədə S.Sərdarlı Azərbaycandan ABŞ-yə uzanan həyat yolundan, akademik uğurlarından, gənclər üçün nümunə olacaq uğur hekayələrindən bəhs edir.

Sizi oxucularımıza necə təqdim edək?

– Mən, Səbuhi Sərdarlı Hidayət oğlu, 1983-cü ildə mühəndis ailəsində anadan olmuşam. Orta təhsilimi Bakı Özəl Türk Liseyində bitirdikdən sonra 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olmuşam. Bir il orada təhsil aldıqdan sonra ABŞ Dövlət Departamentinin mübadilə proqramı ilə ABŞ-də təhsilimi davam etdirmişəm. Pittsburq Dövlət Universitetindən İqtisadiyyat və menecment üzrə ikili bakalavr dərəcəsi, eləcə də Missuri Universitetindən maliyyə yönümlü MBA magistr dərəcəsi alıb, bir müddət ABŞ-də korporativ maliyyə sektorunda çalışmışam. Daha sonra Florida Universitetində maliyyə üzrə doktorantura təhsilimi başa vuraraq elmi işimi müdafiə etmişəm. 

2012-ci ildə Azərbaycana qayıdaraq ADA Universitetində Biznes Məktəbinin yaradılmasında iştirak etmişəm. Ardınca yenidən ABŞ-yə qayıtmış və son 12 ildir Kanzas Dövlət Universitetində professor kimi fəaliyyət göstərirəm. Son 5 ildə həmçinin həmin universitetin Maliyyə Analizləri Mərkəzinin direktoru vəzifəsini icra edirəm. Yaxın günlərdə isə Kanzas Dövlət Universitetinin Biznes Kollecində (Biznes Məktəbində) inzibati və maliyyə işləri üzrə dekan müavini vəzifəsinə təyin olunmuşam. Ailəliyəm, məktəb yaşlı iki övladım var.

Universitetin mühiti gənc alimlər üçün geniş imkanlar yaradır

Uzun müddətdir ki, Kanzas Universitetində çalışırsınız. Bu ali məktəbdə işləmək qərarına necə gəldiniz? Kanzas Universitetinin elmi-tədris mühiti necədir? 

– ABŞ-də doktorantura təhsilimi tamamladıqdan sonra akademik fəaliyyətimi davam etdirmək qərarına gəldim. Kanzas Dövlət Universiteti həm elmi-tədqiqatları, həm də tələbəyönümlü tədris mühiti ilə tanınan bir ali məktəbdir. Burada müəllim və tələbə arasında qarşılıqlı hörmət və əməkdaşlıq əsas dəyərlərdən sayılır. Universitetin mühiti gənc alimlər üçün geniş imkanlar yaradır və bu, akademik karyerasına yeni başlayan birisi üçün olduqca mühüm amildir. 

– Hazırki elmi-tədqiqatçılıq fəaliyyətiniz barədə məlumat verməyinizi xahiş edirik. Hansı mövzular üzərində işləyirsiniz? İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələriniz barədə.

– Elmi-tədqiqat fəaliyyətim əsasən korporativ maliyyə, şirkətlərin vergi siyasəti, investisiya və pensiya fondları ilə bağlı mövzuları əhatə edir. Araşdırmalarımda şirkətlərin vergi optimallaşdırma strategiyaları, maliyyə məhdudiyyətlərinin firmaların qərarlarına təsiri, qarşılıqlı fondların davranışları və pensiya fondlarında investorların qərarvermə psixologiyası kimi sahələrə xüsusi diqqət yetirirəm. Tədqiqatlarım nüfuzlu, impakt faktorlu beynəlxalq jurnallarda – “European Financial Management”, “Journal of Corporate Finance”, “Financial Management”, “Financial Analysts Journal” və s. dərc olunub. 

Əlavə olaraq qeyd etmək istəyirəm ki, işlərimin bir hissəsi ABŞ-də fəaliyyət göstərən digər azərbaycanlı alim, professor Fariz Hüseynov ilə birgə aparılıb. Onunla birlikdə korporativ vergi siyasəti və kapital bazarlarının fəaliyyəti mövzularında bir sıra məqalələr dərc etmişik. Bu əməkdaşlıq mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu həm Azərbaycan alimlərinin beynəlxalq miqyasda tanınmasına töhfə verir, həm də ölkəmizdən çıxmış elm adamlarının birgə əməkdaşlıq imkanlarını nümayiş etdirir. 

Hazırda üzərində işlədiyim tədqiqat mövzuları da kifayət qədər aktualdır. Bunlara ESG reytinqlərinin dəyişməsinin şirkətlərin davranışlarına təsiri, CEO-ların siyasi ambisiyalarının firmaların fəaliyyətinə təsiri, eləcə də korporativ vergi yayınmasının bazar məlumatlılığına təsiri daxildir. 

Ümumilikdə məqsədim həm nəzəri, həm də praktik baxımdan faydalı tədqiqatlar aparmaq, maliyyə qərarlarının şirkətlər, investorlar və bütövlükdə iqtisadiyyat üçün nəticələrini daha dərindən anlamaqdır.

Kanzas Dövlət Universitetində bir neçə azərbaycanlı tələbə təhsil alır

– Dekan müavini kimi gündəlik iş rejiminiz necədir? Hansı işləri yerinə yetirməlisiniz? Tələbələriniz arasında azərbaycanlı gənclər də varmı?

– Dekan müavini olaraq mənim fəaliyyət sahəmə Biznes Kollecinin strateji maliyyə və büdcə qərarları, insan resursları, tələbə təqaüdləri, marketinq və ictimai əlaqələr, tələbələr üçün karyera xidməti, tələbə qəbulu və kollecin akkreditasiyası daxildir. Bu işlərin daha effektiv şəkildə həyata keçirilməsinə kollecimizin peşəkar heyəti ilə birlikdə nəzarət edirəm. Paralel olaraq, professor vəzifəmdə maliyyə üzrə dərslərimi davam etdirir və elmi-tədqiqat fəaliyyətimlə məşğul oluram. 

Təəssüf ki, hazırda Biznes Kollecində azərbaycanlı tələbə yoxdur. Lakin ümumilikdə Kanzas Dövlət Universitetində bir neçə azərbaycanlı tələbə təhsil alır. Onların arasında iqtisadiyyat ixtisası üzrə doktorantura təhsili alan, parlaq gənc tədqiqatçı Kəmalə Quluzadəni xüsusilə qeyd etmək istərdim. Onun uğurları həm universitetimiz, həm də Azərbaycan üçün böyük qürur mənbəyidir.

Universitet tələbələrinə gələcək alim və tədqiqatçı kimi yanaşır

– Universitetdə müəllim-tələbə münasibətləri, gənclərin elmə cəlb olunması səviyyəsi necədir? 

– Kanzas Dövlət Universiteti ABŞ-nin ən qədim universitetlərindən (land-grant) biridir. Land-grant universitetlərinin əsas missiyası yalnız akademik bilik verməklə kifayətlənməyib, həm də elmi-tədqiqat və maarifləndirmə yolu ilə cəmiyyətə xidmət göstərməkdir. Bu missiyanın bir hissəsi olaraq universitet Kanzas ştatının və qonşu regionların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı, təhsil və texnologiya sahələrindəki ehtiyacların qarşılanmasına böyük diqqət yetirir. Universitet mədəniyyəti xüsusilə magistr və doktorantura tələbələrinə sadəcə auditoriyada dinləyici kimi deyil, gələcək alim və tədqiqatçı kimi yanaşır. Bu yanaşma gənclərdə müstəqil düşüncə tərzini, yaradıcılığı və elmi marağı daha da gücləndirir. 

Kanzas Dövlət Universitetinin xüsusilə kənd təsərrüfatı və mühəndislik sahələrində dərin və tarixi tədqiqat ənənələri mövcuddur. Bu istiqamətlərdə universitet təkcə ABŞ miqyasında deyil, beynəlxalq səviyyədə də tanınır.

Uzunmüddətli zəhmət və intizamın bəhrəsi

– Sizcə, alim olmaq üçün hansı çətinliklərə qatlaşmaq lazımdır?

– Alim olmaq üçün, ilk növbədə, səbir, uzunmüddətli zəhmət və intizam lazımdır. Uğur qısa müddətdə əldə olunmur, illərlə oxumaq, araşdırmaq və məqalələri dərc etdirə bilmək üçün rəqabətli mühitdə özünü təsdiqləmək tələb olunur. Ən əsası isə, öyrənməyə və daim sual verməyə açıq olmaqdır.

Bununla yanaşı, elmi yolda ən vacib keyfiyyətlərdən biri davamlılıq və möhkəmlikdir. Çox vaxt araşdırmalar uğursuz nəticələnə, məqalələr rədd edilə və ya uzun müddət nəticə əldə olunmaya bilər. Bu hallarda geri çəkilməmək, ümidini itirməmək və yoluna davam etmək çox önəmlidir. Alim üçün böyük mənzərəni görmək, yəni qısamüddətli uğursuzluqlara deyil, uzunmüddətli məqsədlərə fokuslanmaq uğura aparan əsas amillərdəndir.

Azərbaycan təhsilində bir çox müsbət inkişaflar görürəm

– Azərbaycan elm və təhsilinin müasir inkişaf səviyyəsi, elm və təhsil sahəsində baş verən yenilikləri izləyə bilirsinizmi və necə dəyərləndirirsiniz? 

– Bəli, Azərbaycan təhsilində baş verən yenilikləri izləyirəm və bir çox müsbət inkişaflar görürəm. Xüsusilə beynəlxalq proqramlara qoşulma, tələbələrin xarici universitetlərlə əməkdaşlıq imkanlarının genişlənməsi və elmə daha çox dəstəyin göstərilməsi diqqətə layiqdir. Mən ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbində olan inkişaflarla yaxından tanışam. Bu ali məktəblərdə son illərdə aparılan işlər və yeniliklər həqiqi şəkildə təhsilin keyfiyyətini yüksəltməyə yönəlib və bu istiqamətdə atılan addımlar ümidvericidir.

Bundan əlavə, ötən il Elm və Təhsil Nazirliyi ilə birgə Qarabağ Universitetinin inkişafı üçün yaradılmış işçi qrupunda da fəaliyyət göstərmişəm. Bu təcrübə mənə Azərbaycanın ali təhsil sistemində yeni qurumların formalaşması və mövcud təhsil ocaqlarının modernləşdirilməsi prosesinə yaxından nəzər salmaq imkanı verdi. Mən inanıram ki, Qarabağ Universitetinin uğurlu inkişafı təkcə ölkənin ali təhsil sistemi üçün deyil, həm də regionun sosial-iqtisadi inkişafı və sülhün möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bütün bu müsbət dəyişikliklərlə birgə, elm və təhsilin daha da irəliləməsi üçün universitetlərdə müasir tədqiqat mərkəzlərinin yaradılması, elmi mühitin beynəlxalq standartlara uyğunlaşdırılması və qlobal şəbəkələrə inteqrasiyanın gücləndirilməsi vacibdir. Bu istiqamətdə davamlı iş aparılarsa, Azərbaycan ali təhsili regionda və beynəlxalq miqyasda daha da tanınacaq və rəqabətqabiliyyətli olacaq.

Azərbaycan universitetlərinin böyük potensialı var

– Ölkəmizdə gənc alimlərin yetişdirilməsi və dünya miqyasında tanınması üçün hansı işlər görülməlidir? Azərbaycan universitetlərinin potensialını necə qiymətləndirirsiniz?

– Gənc alimlərin inkişafı üçün ən vacib məqamlardan biri onlara beynəlxalq elmi mühitə çıxış imkanı yaratmaqdır. Bunun üçün gənclərin xaricdə doktorantura və post-doktorantura proqramlarına göndərilməsi, nüfuzlu konfranslarda iştirakına şərait yaradılması və ən əsası ölkəyə qayıtdıqdan sonra universitetlərdə sabit elmi karyera qurmaq imkanı ilə təmin olunması olduqca vacibdir.

Elmi-tədqiqat aparmaq çox vaxt və resurs tələb edir. Burada elmi ədəbiyyat, maliyyələşmə, qrantlar, beynəlxalq səfərlər və əməkdaşlıq imkanları xüsusi əhəmiyyət kəsb edir. Gənc tədqiqatçılara bu resursların təqdim olunması, həmçinin onların xarici universitetlərə gedərək digər alimlərlə əlaqələr qurmasına dəstək verilməsi gələcəkdə onların dünya elmi mühitinə inteqrasiyasını asanlaşdırar.

Azərbaycan universitetlərinin böyük potensialı var. Son illərdə maddi-texniki baza, yeni kampusların qurulması və beynəlxalq əməkdaşlıqlar istiqamətində əhəmiyyətli addımlar atılıb. Lakin bu potensialın tam reallaşması üçün universitetlərdə müasir tədqiqat mərkəzlərinin yaradılması, maliyyələşmənin gücləndirilməsi və qlobal elmi şəbəkələrə daha sıx inteqrasiya təmin edilməlidir.

– Ali məktəblərimizə tələbə qəbulu başa çatır. Yeni tələbələrə, məzunlarımıza nə kimi tövsiyələriniz olardı? 

– Yeni tələbələrə tövsiyəm odur ki, universiteti sadəcə dərs almaq yeri kimi yox, inkişaf və kəşf məkanı kimi görsünlər. Bu, onların həyatında olduqca həyəcanlı bir dövrdür və gələcəkdə kim olacaqlarını formalaşdıracaq əsas mərhələlərdən biridir. Ona görə də bu prosesi yalnız öyrənmək üçün deyil, həm də həzz almaq üçün yaşasınlar, çünki bir gün bu günləri həsrətlə xatırlayacaqlar.

Universitet illəri həm də risk etmək, yeni sahələrdə özünü sınamaq, mümkün qədər çox bilik və təcrübə toplamaq üçün ən doğru vaxtdır. Tələbələr təşəbbüskar olsunlar, müəllimləri ilə ünsiyyətdə fəal iştirak etsinlər və fərqli imkanlardan maksimum yararlansınlar. Ən əsası isə, onlar yalnız faktları əzbərləməklə kifayətlənməsinlər. Əsl öyrənmək – düşünməyi öyrənmək və bu bacarığı praktikada tətbiq etməkdir. Bu yanaşma gələcəkdə qarşılaşacaqları mürəkkəb problemlərin həllində onlara böyük üstünlük qazandıracaq.

Məzunlara isə məsləhətim daim öyrənməyə davam etməkdir. Çünki biliklər çox sürətlə dəyişir və bu dəyişikliklərə uyğunlaşa bilənlər uğur qazanır. Universitetdən sonra öyrənmə prosesi bitmir, əksinə, ömürboyu davam edir və bu yanaşma onların karyerada və şəxsi həyatlarında uğurlarının əsas açarı olacaq.

Şərhlər

Xəbər lenti

1 sentyabr, 20:05

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

1 sentyabr, 17:32

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

1 sentyabr, 17:28

Agentlik ADNSU-nun 10 tələbəsinə təqaüd verəcək

1 sentyabr, 17:27

Samir Məmmədov: Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet müəyyən edib

1 sentyabr, 17:02

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

1 sentyabr, 16:55

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

1 sentyabr, 16:25

Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir

1 sentyabr, 16:00

Bil Pauçer: Bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər

1 sentyabr, 15:44

Müəllimlər üçün süni intellektə dair təlim keçirilir

1 sentyabr, 15:31

ADNSU ilə Vorvik Universiteti arasında əməkdaşlıq genişlənir

1 sentyabr, 15:15

Rezidenturada boş yerlər üçün seçim başladı

1 sentyabr, 15:07

Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

1 sentyabr, 14:37

LDU-da Elmi Şuranın ilk iclası keçirilib

1 sentyabr, 14:33

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

1 sentyabr, 14:20

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

1 sentyabr, 14:20

Oxumadı, amma oxutdu: Tağıyevin təhsilə olan sevgisi

1 sentyabr, 14:11

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

1 sentyabr, 13:59

Magistraturaya daxil olanlarla 1400-dən çox təhsil krediti müqaviləsi bağlanılıb

1 sentyabr, 13:57

Dünyadakı soydaşlarımızı ana dilimizə bağlayan körpü: “Azərbaycan məktəbi”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.