Bütün xəbərlər
1 sentyabr, 14:20

Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə. 

Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə - uzaq kəndlərə göndərilməlidir. 
                                                                                                                                                                  
                                                                                                                                                                          Hacı Zeynalabdin TAĞIYEV

Xalq Təhsili Muzeyinin nümayəndəsi olaraq özümə borc bildim ki, vətəni, xalqı üçün böyük işlər görən, gənclərin - əsas da qızların təhsil alması üçün canını belə təhlükəyə atan bu xeyirxah insanın xatirə gününə (1 sentyabr) bir məqalə yazım.

Məqaləni yazmaq üçün Xalq Təhsili Muzeyinin zəngin ekspozisiyası və fond materiallarından istifadə etmişəm.

Bütün müsəlman aləmində tanınmış milyonçu-neftxuda, öz dövrünün həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, həm ticarət və yük gəmilərinin sahibi, Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti tərəfindən özlərinə fəxri sədr seçilmiş bu xeyirxah insanın, həm də təhsillə bağlı etdiyi böyük işlərdən qısaca yazmaq istəyirəm. 

Oxuduqlarımdan bilirəm ki, H.Z.Tağıyevin dövründə inşa edilən təhsil ocaqlarının çoxunda onun ianəsi var idi. Elə təkcə qız məktəbinin tikintisinə 200 min manat pul xərcləmişdi. Onun müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda  qız məktəbi tikdirmək istəyi o dövrün geri fikirli ruhaniləri tərəfindən xeyli etirazlara səbəb olmuşdu. Bu qədər pul qoyub qız məktəbi tikmək istəyən adamı illərlə get-gələ salırlar. Hələ imperator III Aleksandr sağ olanda Tağıyev ona məktub yazdıraraq müsəlman qızlarının öz ana dilində oxuması üçün Bakıda məktəb tikməsinə icazə istəmişdi. Ancaq III Aleksandr bu xahişi rədd edir, sonra o II Nikolayın taxta çıxmasından istifadə edib, bir senator vasitəsilə II Nikolayın həyat yoldaşına çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir. O, məktubunda bildirir ki, əgər imperator  məktəbin tikilməsinə icazə versə, məktəbə onun həyat yoldaşı Aleksandra Fyodrovnanın adını verəcək.

Nəhayət, məktəbin tikilməsinə icazə verilir və 1898-ci ildə tikinti işləri başlayır. Ancaq şəhərin bəzi üzdəniraq ruhaniləri Tağıyevin qızlara təhsil vermək üçün məktəb tikdirməyə başlamasından qəzəblənirlər, hətta qızlarını burada oxutmaq istəyənləri hədələməyə başlayırlar.

Bunu  görən H.Z.Tağıyev onların bəhanələrini kəsmək üçün özünün tanıdığı bir neçə mollaya pul və hədiyyələr verib, onları müqəddəs sayılan yerlərə - Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula göndərir ki, oradakı mötəbər, rəsmi din xadimlərindən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər gətirsinlər. Elə sənəd ki, onlar görsünlər ki, müsəlman qızları da oğlanlar kimi müasir məktəblərdə təhsil ala bilərlər. H.Z.Tağıyev din  xadimlərindən gətirilən bu möhürlü sənədləri məscidlərdə ruhanilərə oxutdururdu, hətta o məscidlərin birində dindarlar qarşısında belə nitq də söyləyir: “...Mən, qızları ismətsiz etmək istəmirəm, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, dünən sizin qızınız (mollalardan birinə müraciət edərək söyləyir) sancılanmışdı, getdiniz erməni kişi həkimi gətirdiniz, indi deyin görüm, erməni kişi həkimin əvəzinə müsəlman qadın həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi...”.

Nəhayət, uzun sürən çək-çevirdən sonra məktəbin tikilişi 1901-ci ildə başa çatır və elə həmin ilin 7 oktyabrında dərslər başlayır. Bu məktəbin ilk direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova olur (İndi həmin binada Azərbaycan Əlyazmalar Fondu yerləşir). 

Əsas maraqlısı o idi ki, H.Z.Tağıyev təkcə qızların təhsilini yox, onların gələcək həyatlarını da düşünürdü. O, bu məktəbi bitirən hər bir qıza Axund Yusif Talıbzadənin (Abdulla Şaiqin böyük qardaşı) hazırladığı “Qızlara hədiyyə” kitabını verirdi. Bu kitab Avropada nəşr olunan kitablardan  toplanmış, qadınların gələcək  həyatlarını necə qurması barədə məsləhətlər idi. Onu da deyim ki, bu kitab  da Xalq Təhsili Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. Mən bu kitabı oxuduqdan sonra başa düşdüm ki, burada o dövrün qızlarına vacib olan nə qədər maraqlı məlumatlar var.

H.Z.Tağıyevin öz vətəni və onun gələcək nəsilləri üçün etdiyi belə  yüzlərlə xeyriyyəçilik işlərinin hansı birini unutmaq olar. O, 1883-cü ildə Bakıda Dram Teatrı üçün bina tikdirir, 1897-ci ildə Mərdəkanda  kənd təsərrüfatı üçün savadlı işçilər hazırlamaq üçün “Bağçılıq məktəbi”ni açır, burada uzaq rayonlardan gələn şagirdlərə  yataqxana da istifadəyə verir, 1897-ci ildə Toxuculuq Fabrikini tikdirir, 1901-ci ildə Şahdağın ətəyindən Bakıya Şollar suyunu çəkdirir. “Səadət” məktəbinin tikintisinə, Peterburqda tikilən “Müsəlman cəmiyyəti xeyriyyə binasına”, Bakıdakı “Səfa” məktəbinin təmirinə, “Svyataya Nina” rus qız məktəbinin tikintisinə, orta texniki kommersiya məktəbinə və sair yüzlərlə belə təhsil müəssisələrinə öz ianələri ilə kömək edir. 

H.Z.Tağıyev haqqında yazılan kitabların  birində oxumuşdum ki: Bir gün Tağıyev  qəzetlər vasitəsilə Qafqaz türklərinə bu məzmunda bir elan verir: “Nə qədər lisey bitirən və ali təhsil almağa  maddi imkanı olmayan tələbə varsa, aşağıdakı şərtlərlə ali təhsil almağa gedə bilərlər:

1-ci şərt - Hər tələbəyə təhsil müddəti ərzində 50 rubl pul veriləcək, gediş-gəliş xərcləri də ayrı ödəniləcək.

2-ci şərt - Tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönəcək, ölkəsinə xidmət edəcəkdir.

3-cü  şərt - Tələbə qeyri-türklə evlənməyəcək.

4-cü şərt - Tələbə təhsili bitirib işə başladıqdan sonra təhsil müddəti ərzində ona xərclənən pulları hissə-hissə xeyriyyə cəmiyyətinə ödəyəcəkdir.

Bu şərtləri oxumaq kifayətdir ki, H.Z.Tağıyevin xalqı, milləti, doğma şəhəri üçün necə şərəfli, səxavətli və vətənsevər bir insan olduğunu  bir  daha  təsdiqləyəsən. Heç bir təhsili olmayan, oxuyub-yazmağı belə bilməyən bu böyük insanda öz vətəninə usanmaz sevgi, təhsilə  bu qədər diqqət insanı heyran edir.

Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində Azərbaycan təhsilinə öz töhfəsini verən pedaqoq-alimlərimiz, ziyalılarımız, iş təcrübəsi geniş yayılan müəllimlərimiz, müxtəlif elm xadimləri ilə yanaşı, həm də H.Z.Tağıyevin təhsillə bağlı xeyriyyəçiliyi  barədə xeyli  materiallar və eksponatlar var.

Xalq Təhsili Muzeyinin nümayəndəsi olaraq muzeyimizə hər il təşrif buyuran minlərlə vətəndaşa, Azərbaycanda pedaqoji fikir və təhsilin inkişaf tarixi haqqında, təhsil sahəsində böyük xidmətləri olan, usanmadan təhsilə xidmət edən, can yandıran elm adamları haqqında, özü  təhsilsiz olsa da, ölkəsinin gənclərinə çıraq olan H.Z.Tağıyev kimi səxavətli insanlar barədə xeyli məlumatları çatdıra  biliriksə - nə xoş bizə.

Rüxsarə MƏMMƏDOVA,
Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin müdiri 

Şərhlər

Xəbər lenti

1 sentyabr, 20:05

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

1 sentyabr, 17:32

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

1 sentyabr, 17:28

Agentlik ADNSU-nun 10 tələbəsinə təqaüd verəcək

1 sentyabr, 17:27

Samir Məmmədov: Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet müəyyən edib

1 sentyabr, 17:02

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

1 sentyabr, 16:55

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

1 sentyabr, 16:25

Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir

1 sentyabr, 16:00

Bil Pauçer: Bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər

1 sentyabr, 15:44

Müəllimlər üçün süni intellektə dair təlim keçirilir

1 sentyabr, 15:33

"Universitetlərimizin böyük potensialı var" – ABŞ-də çalışan azərbaycanlı professorla MÜSAHİBƏ

1 sentyabr, 15:31

ADNSU ilə Vorvik Universiteti arasında əməkdaşlıq genişlənir

1 sentyabr, 15:15

Rezidenturada boş yerlər üçün seçim başladı

1 sentyabr, 15:07

Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

1 sentyabr, 14:37

LDU-da Elmi Şuranın ilk iclası keçirilib

1 sentyabr, 14:33

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

1 sentyabr, 14:20

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

1 sentyabr, 14:11

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

1 sentyabr, 13:59

Magistraturaya daxil olanlarla 1400-dən çox təhsil krediti müqaviləsi bağlanılıb

1 sentyabr, 13:57

Dünyadakı soydaşlarımızı ana dilimizə bağlayan körpü: “Azərbaycan məktəbi”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.