
Ali təhsilə əlçatanlıq genişlənir, bu da təhsilini davam etdirmək və özünü inkişaf etdirmək istəyənlər üçün yeni imkanlar yaradır. Artan imkanlar isə bəzən fərqli nəticələr doğurur. Həmin nəticələrdən birinə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov özünün sosial şəbəkə hesabında münasibət bildirib. 2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələrinə istinad edən deputatın fikrincə, son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə maraq zəifləyib: “Boş qalan 3700 yerə (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim edib. Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub. Bu nə deməkdir? Yüzlərlə dövlət sifarişli yer, yəni tamamilə pulsuz təhsil imkanı boş qalıb! Ümumilikdə isə 3000-dən çox magistratura yeri doldurulmayıb”.
C.Məmmədov bu rəqəmlərin bir sıra narahatedici nəticələri ortaya qoyduğu qənaətindədir:

“Magistratura təhsilinə maraq azalıb. Bu, gənclərimizin artıq əlavə akademik pilləni karyera üçün vacib saymadığını göstərir.
Təhsildə keyfiyyət və etibarlılıq məsələsi. Əgər gənclər dövlət sifarişi ilə verilən imkandan imtina edirlərsə, bu, sistemin cəlbediciliyi ilə bağlı ciddi suallar doğurur.
Əmək bazarının təsiri. Magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması və işə qəbul prosesində real təsirinin zəifləməsi, marağın azalmasının əsas səbəblərindən biridir.
Təhsil siyasətində strateji boşluq. Dövlət resurslarının ayrılıb istifadəsiz qalması, həm də ölkənin insan kapitalı potensialının zəifləməsinə gətirib çıxarır”.
C.Məmmədovun fikrincə, ali təhsilin magistratura pilləsi ölkədə əvvəlki nüfuzunu və çəkisini itirməkdədir.
Bəs çıxış yolu nədir?
“Təhsil proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənməli, magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalıdır.
Dövlət sifarişi ilə ayrılan yerlərin boş qalmasının qarşısını almaq üçün məcburi deyil, cazibədar sistem qurulmalıdır.
Təhsil müəssisələri elmi-tədqiqat imkanlarını gücləndirməli, magistratura təhsili, sadəcə formal davam pilləsi yox, praktik və elmi dəyəri olan bir mərhələ kimi formalaşmalıdır.
Bu rəqəmlər bizə xəbərdarlıq edir: əgər bu tendensiya davam etsə, yaxın illərdə ölkəmizin ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək”.
C.Məmmədov hesab edir ki, təhsil siyasətində çevik və əsaslı islahatlar olmadan bu böhran daha da dərinləşəcək:
“Azərbaycanın gələcəyi gənclərimizin savadlılığı, hazırlığı və keyfiyyətli təhsilindən keçir. Boş qalan dövlət sifarişli yerlər isə bizim üçün, sadəcə rəqəm deyil – gələcək üçün itirilmiş şanslardır”.
Millət vəkili bir müddət əvvəl “Azərbaycan müəllimi”nə müsahibəsində ali məktəblərdə ixtisaslı kadrların sayının az olduğunu, gənclərin elmə gəlmək istəmədiklərini qeyd etmişdi: “Getdikcə universitetlərdə elmi şuraları təşkil etmək çətinləşir. Bu yaxınlarda araşdırdım, mənə deyildi ki, universitetdə cəbr üzrə elmlər doktoru artıq yoxdur. Bilmirəm, nə dərəcədə doğrudur, amma getdikcə bu proses mürəkkəb olduğundan elmə gələnlərin sayı azalır. Əvvəl universitetlərdə doktoranturaya 25 yer verilirdi. Məsələn, mən Milli Elmlər Akademiyasında doktoranturaya qəbul olunmaq istəyəndə belə idi, güclü rəqabət gedirdi. İndi isə hər il akademiyanın institutlarında 23 yer verilir, 1 nəfər də müraciət etmir. Universitetlərdə də getdikcə müraciət edənlərin sayı azalır. Elmi rəhbərlərlə görüşlərdə deyirlər ki, gənclər 1-2 il gəlir, sonra vaxtlarının olmadığını əsaslandıraraq doktorantura təhsilini buraxırlar”.
UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli magistratura səviyyəsində bulki nəticələri bir neçə səbəblə əlaqələndirib. “Bu il ümumi yerlərin sayı tələb və təklifə uyğun gəlmirdi”, – deyən təhsil eksperti bu uyğunsuzluğu ali təhsil müəssisələrinin tələbəyə olan ehtiyacı ilə əlaqələndirib:

“Universitetlər publik-hüquqi şəxsdir, özü-özünü maliyyələşdirir. Onlara daha çox tələbə lazımdır. Halbuki bir universitet magistrant qəbul edir, amma laboratoriyası yoxdur”.
V.Kərimli bu il magistratura səviyyəsi üçün minimum bal toplayanların sayının az olduğunu da qeyd edib. “Proqnozlaşdırma da doğru deyildi, planlama düzgün aparılmamışdı. Yəni yerlər çox, müsabiqə şərtlərini ödəyənlərin sayı isə az idi”.
Səbəblərdən biri isə gənclərin məhz magistratura səviyyəsini xaricdə oxumağa üstünlük verməsi ilə bağlıdır: “Gənclərimiz daha çox xaricdə təhsil almağa üstünlük verirlər. Məsələn, bu il növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində 500 gənc dünyanın nüfuzlu universitetlərində təhsil alacaq. Onların cəmi 125 nəfəri bakalavriat, 19 nəfəri isə doktorantura səviyyəsində təhsilini xaricdə davam etdirəcək. 356 nəfəri Dövlət Proqramından faydalanaraq magistratura səviyyəsində xaricdə təhsil almaq hüququ qazandılar. Biz diqqət edirik ki, gənclər bakalavriat deyil, daha çox magistratura səviyyəsində ya müxtəlif proqramlarla, ya öz hesablarına xaricdə təhsil almağa üstünlük verirlər. Bunun da səbəbləri sözügedən səviyyədə verilən təhsillə bağlıdır”.
"Bütün bu amillər isə bir səbəbdən doğub. Uzun illərdir magistratura səviyyəsində bakalavrdan yüksək adekvat təhsil formalaşmayıb”, – deyən V.Kərimlinin fikrincə, universitetlərin bir çoxunda bu təhsil səviyyəsində keyfiyyət ürəkaçan deyil: “Məsələ ondadır ki, magistraturanın çox böyük hissəsi o səviyyədə deyil ki, insanlar təhsil almaqla biliklərini inkişaf etdirə bilsinlər. Təhsilin keyfiyyəti ilə bağlı ən yaxşı məlumatı universitetlərin öz tələbə və məzunları verir. Magistratura oxuyub təhsilin keyfiyyətinə bələd olan biri “magistraturanı oxumağa dəyərmi?”, - deyə soruşanlara yeni bir şey öyrənmədiyini deyir.
Nələr edilməlidir?
İlk növbədə, təhsil proqramları dəyişməli idi ki, bu artıq həllini tapıb: “Magistratura üçün təhsil proqramları dəyişdi. Beynəlxalq standartlarda peşə kompetensiyaları ümumi kompetensiyalara cavab verən formatda yeniləndi. Düşünürəm ki, bunun müsbət təsiri olacaq”.
“Bu sahəyə nəzarət güclənməlidir”, – deyən mütəxəssis həmçinin qeyd edir ki, müəyyən məsələlər var ki, nəzərə alınmır, imkanlar gözdən keçirilmir: “Hesab edirəm ki, növbəti ildən magistratura təhsili vermək istəyən universitetlərdən “səndə bu baza mövcuddurmu?” sualına cavab verilərək qəbul planlaması aparılmalıdır. Düşünürəm ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hələ yenidir və onlar bu məsələyə diqqət yetirəcəklər. Planlamada müəllimlərin tələbələrə nisbəti, magistraturaya qeyri-humanitar sahələrdə laboratoriyaların mövcudluğu məsələləri nəzərə alınmalıdır”.
Nəzərə alınmalı məsələlərdən biri də ali təhsil müəssisələrində ixtisaslı müəllimlərin sayı azdır: “Magistraturada diqqət etməliyik ki, dərs deyən müəllimlərin neçə faizi elmi dərəcəlidirlər. Yaxud onların neçə faizi öz sahəsi üzrə sənaye ilə əməkdaşlıq edir?”
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər