Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Əli Sultanlı yaddaşlarda necə qalıb

Bookmark and Share

Dəqiqələr saata, günlər həftələrə, həftələr aylara dönür, fəsillər dəyişir, illər bir-birini əvəz edir. Üaşayırıq. Özümüz də bilmədən hər gün bir addım son mənzilimizə yaxınlaşırıq.

Və bu gəldi-gedər dünyaya göz açan hər bir insan İlahi tərəfindən ona bəxş edilmiş ömür payını özünəməxsus tərzdə, bacardığı kimi yaşayır. Dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra Vətəni və xalqı üçün gördüyü işlərlə, özündən sonrakı nəsillər üçün miras qoyduğu xeyirxah əməlləri ilə onu tanıyanlar tərəfindən hörmət və ehtiramla xatırlanır, yad edilirlər.

Belə insanlardan biri, uzun müddət Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) fəaliyyət göstərən, görkəmli ədəbiyyatşünas, Azərbaycan dramaturgiyasının tədqiqatçısı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğatçısı olmuş, filologiya elmləri doktoru, professor Əli Sultanlı haqqında söz açmaq istəyirik. Alimin bizə məlum olmayan keşməkeşli ömür yoluna nəzər salmaq üçün onun keçmiş həmkarı, yaxınları və tələbələri ilə görüşməyi qərara aldıq.

Əli Abdulla oğlu Sultanlı 1906-cı ildə Naxçıvanda anadan olub. İlk təhsilini doğma Naxçıvanda alan Əli 1923-cü ildə Bakıya gəlib, burada oğlanlar seminariyasını və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1929-cu ildə o, APİ-nin Xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb, bir müddət sonra filologiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

Əli Sultanlı 1940-cı ildə "Axundov və Molyer" mövzusunda elmlər namizədi və 1946-cı ildə isə "Azərbaycan dramaturgiyasının tarixi" mövzusunda elmlər doktoru dissertasiyalarını müdafiə edib. Sonralar taleyini Azərbaycan Dövlət Universitetinə bağlayıb və ömrünün sonuna kimi bu təhsil ocağında işləməklə misilsiz, yaddaqalan əməllərilə ömür salnaməsini yazıb.

"O, vətənpərvər alim, əvəzsiz müəllim idi"

Yusif Seyidov, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor:

- Əli Sultanlı uzun illər Azərbaycanın ali məktəblərində Qərbi Avropa ölkələrinin çoxəsrlik ədəbiyyatını, fəlsəfə, ictimai-siyasi fikir tarixini, çoxəsrlik rus, hind, türk, İran və bütün Şərq ədəbiyyatının mədəniyyət tarixini dərin bilən bir alim kimi yadda qalıb.

Respublikamızda xarici ölkə ədəbiyyatının müntəzəm öyrənilməsi və bu sahədəki ilk müvəffəqiyyətlər professor Əli Sultanlının adı ilə bağlıdır. Ə.Sultanlı tədris etdiyi fənnə aid "Antik ədəbiyyatı müntəxəbatı", "Roma ədəbiyyatı müntəxəbatı", "Xarici ölkələr ədəbiyyatı", "Antik ədəbiyyat tarixi" və s. başqa qiymətli dərs vəsaitləri hazırlayaraq çap etdirib. Aristotel, Bokkaçio, Şekspir, Molyer, Russo, Höte, Şiller, Bayron, Hüqo, Heyne, Balzak, İbeen, R.Rollan və başqa sənətkarların yaradıcılığı haqqında jurnal və qəzetlərdə müntəzəm olaraq məqalələr nəşr etdirib, Azərbaycan xalqını dünya mədəniyyətinin inciləri ilə tanış edib.

Qədim Azərbaycan ədəbiyyatı tarixini işıqlandırmaq həmişə Ə.Sultanlını düşündürüb. Onun "Dədə Qorqud" dastanı haqqında bir çox məqalələr yazması məhz bunun nəticəsidir. O, həmçinin respublikanın ali məktəbləri üçün xarici ölkələr ədəbiyyatı üzrə sanballı mütəxəssislər hazırlayıb.

Əli Sultanlı o zaman universitetimizdə Avropa ədəbiyyatı adlanan kafedranın müdiri idi və bu ədəbiyyatdan mühazirələr oxuyurdu. Onun qeyri-adi diksiyası var idi, dərs prosesində tədris materialına uyğun olaraq, səsinin tonu dəyişir, bəzən adama elə gəlirdi ki, elmliyi azaltmadan, monoloq deyir. Dərslik olmadığı üçün mühazirəni yazmalı idik, lakin Əli müəllimin mühazirəsinin şirinliyi məcbur edirdi ki, biz tələbələr, necə deyərlər, ağzımızı açıb onu dinləyək. Ə.Sultanlının dərsləri həmişə kütləvi xarakter alırdı, yəni onun mühazirələrində təkcə qrupun tələbələri deyil, başqa fakültələrin tələbələri də iştirak edirdi. Mən tələbə, aspirant olanda da, universitetdə işləyəndə də bunların şahidi olmuşam.

Əli müəllim həqiqəti müdafiə etmək üçün heç nədən çəkinməzdi. Yaxşı yadımdadı, 50-ci illərdə erməni təcavüzünün əleyhinə çıxış etdiyinə görə universitetin müəllimi Abbas Zamanovun partiya sıralarından çıxarılması məsələsi qoyulmuşdu. Zamanına görə bu ən ağır cəza idi. Mərkəzi Komitənin tələbi ilə universitet rəhbərliyi bunu həyata keçirməli idi. Məsələnin müzakirəyə qoyulduğu ümumi partiya iclasında Əli Sultanlı belə bir qərarın çıxarılmasını qəti şəkildə pisləyib, Abbas Zamanovu müdafiə etdi.

Biz tələbə ikən fakültənin dekanı olan Həbibulla Səmədzadə 1948-ci ildə dünyasını dəyişdi. Əli müəllim fakültəyə dekan qoyulması təklifinə qəti etiraz etdi: - "Mən onun yerində otura bilmərəm", - dedi. Onlar dost olmuşdular, bu münasibət, bu insanlıq duyğusu ona imkan vermirdi ki, həmin hissi - psixoloji maneəni aşsın.

Əli müəllimin adı bu gün də şərəflə çəkilir. Ölümündən 50 il keçməsinə baxmayaraq, hazırda da Avropa ədəbiyyatı (indi dünya ədəbiyyatı) kafedrası Əli Sultanlının adı ilə çağırılır.

"Əli dayım tanınmış alim olmaqla yanaşı, dostluğa da sadiq insan olub"

Kamal Abdulla, yazıçı-dramaturq, dilçi-alim, professor:

- Əli dayım rəhmətə gedəndə mənim 9 yaşım vardı. Onun bizim evimizdə olan "Antik ədəbiyyat tarixi" kitabını hələ o zaman dəfələrlə oxumuşam. Həmin kitabda miflərin təsvirinə həsr edilmiş böyük hissələr vardı. O vaxtlar həmin yunan mifləri Azərbaycan oxucularına yaxşı tanış olmadığına görə Əli müəllim o mifləri geniş təsvir etməyə məcbur olub. O mifləri maraqlı bir nağıl və ya bir hadisə kimi oxuduğum üçün o zamankı antik yunan mifləri barədə mənim təsəvvürüm formalaşmağa başlamışdı. İndi də bu haqda hansı təsəvvürə malikəmsə, buna görə Əli Sultanlıya minnətdaram. Məndə Dədə Qorquda, Azərbaycan və dünya ədəbiyyatına məhəbbət onun əsərlərini oxuyandan sonra yaranıb. Azərbaycan ədəbiyyatşünaslığında həm dramaturgiya tarixini sistemləşdirən, həm də antik ədəbiyyatı sistemləşdirib Azərbaycan ədəbiyyatşünaslığının bir sahəsinə çevirən görkəmli alim kimi onun yeri əvəzsizdir.

Əli dayım tanınmış alim olmaqla yanaşı, dostluğa da sadiq insan olub. Anam Bətulə xanım danışardı ki, onların Naxçıvandakı ata evini Hüseyn Cavidin evindən bir çəpər ayırdığı üçün yaxın qonşu olublar. Anam H.Cavidin həyat yoldaşı Müşkünaz xanımla çox mehriban rəfiqə olublar. Babam Abdulla kişi də qızı Bətuləni ancaq H.Cavidin ailəsinə etibar edib. Dayılarım da bunun müqabilində anamın onlara getməsinə, Müşkünaz xanımla dostluq etməsinə mane olmayıb. Cavid Əfəndiyə də yaxşı qonşu, ağsaqqal dost kimi hörmət ediblər.

O zaman Cavid Müşkünaz xanımla birlikdə anamı da Bakıya gətirir, onları oxumaq üçün darülfünə düzəldir və onlara dərs deyir. 1937-ci ilin məlum hadisələri ilə əlaqədar H.Cavid həbs olunaraq Sibirə sürgün edilir. Müşkünaz xanım uşaqları ilə birlikdə yaşadıqları evdən bayıra atılır. Onlar Dağlı məhəlləsində pəncərəsiz, döşəməsi torpaq, qapısı bir baş küçəyə açılan balaca bir daxma tapıb ora yığışıblar. Müşkünaz xanım ehtiyac üzündən acından ölməsin deyə, oğlunu Naxçıvana göndərir. Dost-tanışlar, hətta qohumlar da onlarla əlaqəni tamam kəsir, qapılarını açan belə olmur. Ağır məqamlarında onu yad edən yalnız naxçıvanlı rəfiqələri Hüsniyə xanım və anam Bətulə olur. Onları acından ölməyə qoymurlar. Dayılarımın, o cümlədən Əli dayımın məsləhəti ilə anam zənbilə yemək yığıb üstünə hamam boğçası qoyar, hava qaralanda zənbili başına örtdüyü enli çadranın altında gizlədib Müşkünazgilin yaşadığı evə tərəf gedərdi. Evə çatanda qapını astaca döyüb zənbili qapının ağzında yerə qoyub oradan təcili uzaqlaşardı. Zamanına görə, bu, böyük risk və təhlükə idi.  Müşkünaz xanım bunu bildiyi üçün həmin an qapını açıb zənbili götürərdi. Hər dəfə onların ailəsinə edilən belə köməkliklərdən sonra Əli dayım rahatlıq tapar, anamın üzünə minnətdarlıqla baxardı.

"Dünya ədəbiyyatı kafedrasını Əli Sultanlı yaradıb"

Cəmil Nağıyev, filologiya elmləri doktoru, professor:

- 1964-cü ildə mən ADU-ya qəbul olanda artıq bir neçə il idi ki, Əli Sultanlı dünyasını dəyişmişdi. Buna baxmayaraq, yaxşı bir müəllim kimi onun haqqında əfsanəyəbənzər söhbətlər eşidirdim. Sonralar onun yaradıcılığı ilə tanış olduqca heyrətlənirdim. O, Azərbaycan dramaturgiya tarixini və xalq dramlarını tədqiq edib və sanballı monoqrafiyalar yazıb. Əli Sultanlı Dədə Qorquda həsr etdiyi tədqiqat əsərində yunan şairi Homerin Odiseya əsərinin personajlarından biri olan Polifenlə (Siklonu) "Kitabi Dədə Qorqud" dastanındakı Təpəgözün müqayisəli təhlilini verib.

Onun elmi-pedaqoji fəaliyyətinin əsas istiqamətlərindən biri də qədim yunan və qədim Roma ədəbiyyatlarını əhatə edən, bu gün də öz elmi dəyərini itirməyən, Azərbaycan ziyalılarının və universitet tələbələrinin əsas tədris vəsaiti kimi mənbələrdən biri olan "Antik ədəbiyyatı tarixi" kitabıdır. 1958-ci ildə çap olunan həmin kitab bu gün də tələbələrin istifadə etdiyi dəyərli dərs vəsaitidir. Əli müəllim bu gün də dəyərini itirməyən bir sıra kitabların və dərsliklərin müəllifidir. O, ilk dəfə olaraq Azərbaycanda "Orta əsrlər və intibah dövrü ədəbiyyatı müntəxəbatı"nı da çap etdirib. Əli Sultanlı 1939-cu ildə universitetdə Dünya ədəbiyyatı kafedrasını yaradıb və ömrünün sonuna kimi həmin kafedraya rəhbərlik edib.

"Atamı az qala tanımayacaqdım"

Nərmin Sultanlı, BDU-nun Şərqşünaslıq fakültəsinin dosenti (Əli Sultanlının qızı):

- Atamın bir müəllim, pedaqoq kimi ustalığından, ömrünün böyük hissəsini xalq maarifinə həsr etməsindən, tələbələrinə qarşı qayğıkeşliyindən çox yazılıb. Bu haqda Əli müəllimin sevimli tələbəsi İsmayıl Şıxlının "Mənim rəqibim" və "Onun səsi qulağımdadır" adlı hekayələri var. Əli müəllim mahir lektor kimi 150 nəfərlik auditoriyanı öz mühazirələriylə sehrləndirərdi.

Yaxşı yadımdadır, 6 yaşım vardı. Atam məni özü ilə universitetə aparmışdı. Elə oldu ki, mən onun mühazirəsində oturmalı oldum. Mühazirə başlandı və birdən qarşımda tanımadığım bir adam gördüm, hətta bu dəyişiklik məni bir az qorxutdu da! Atam isə Troya müharibəsindən danışır, gah Axilles olurdu, gah da Patrokl və s.

Atam dostluqda səmimi və hətta fədakar idi. Müharibə vaxtı və 50-ci illərdə məlum səbəblərə görə dara düşən dostlarına və tələbələrinə çox incə davranışla, onlara hiss etdirmədən kömək edərdi. Sürgündən təzə qayıtmış bir ziyalını (adını çəkmək istəmirəm) atam hər gün nahar vaxtı evə dəvət edir, onu yaxşıca yedirdəndən sonra ingilis dilini öyrətməsini ondan xahiş edərdi. Və bir gün bundan şübhələnən həmin insan atama - "Əli, ingilis dilini öyrənmək sənin nəyinə lazımdır, özü də həmişə nahar vaxtı?" - deyə soruşur. Atam özünü itirmədən - "Qardaş, dili öyrənməyin xeyri var ki, ziyanı yoxdur, bir də tək olanda iştaham küsür, heç nə yeyə bilmirəm. Səninlə bir olanda həvəslə yeyirəm və söhbətlərin də mənə başqa cür ləzzət verir", - deyərək əlüstü cavab verməklə qonağını azdırır, duyuq düşməsinə imkan verməməyə çalışır. Ancaq atalar demiş, "Cidanı çuvalda gizlətmək olmur".

Atamın sovet quruluşuna münasibəti çox mənfi idi. Kommunist partiyasının üzvü olmadığına görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmədi.

 Bir insan kimi formalaşmağımda atamın böyük rolu olub. O zamanlar çoxları uşaqlarını rus bölməsində oxumağa göndərərdi. Atam bunun qəti əleyhinə idi və mən təhsilimi Azərbaycan məktəbində aldım. Sonra isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinin Azərbaycan bölməsində oxuduğuma görə mənim mütaliəmə də çox diqqət verirdi.

Atam yaddaşımda təmkinli, heç vaxt səsini yüksəltməyən, ürəyiyumşaq bir şəxs kimi qalıb. Cavanlıqdan heç bir heyvanın ətini yemədiyini çox adamlar uzun müddət bilməyib. Səyahəti çox sevərdi. Bizi o vaxtkı Sovet İttifaqının bütün gəzməli yerlərinə aparmışdı.

Atam deyərdi: "Müəllimlik peşəsini seçən adam bir şeyi yaddan çıxarmamalıdır: müəllim tələbə üçün ilahi varlıq, bir örnək olmalıdır".

Uşaqlıqda ata-ananın himayəsindən tez qurtarıb, böyüməyə can atırıq. Yaşlaşanda isə atalı-analı günlərimiz üçün darıxırıq. Mən də atamla keçirdiyim xoşbəxt uşaqlığım üçün çox darıxıram.

Atam həyat eşqi ilə qaynayan, tükənməz arzularla yaşayan nikbin bir insan idi. Lakin vəfasız ömür ona yaşamağa imkan vermədi. 1960-cı ildə, ömrünün çiçəkləndiyi 54-cü ilində dünyasını dəyişib əbədiyyətə qovuşdu. 

Qələmə aldı:
Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov